Özbəkistanın “interpress.uz” portalında jurnalisti Əli Zülfüqaroğlu və tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə “Ermənistan təbiətə ciddi zərər vuran ekoloji terror hücumları ilə Qarabağda bəşəri cinayət törədir” sərlövhəli məqalə dərc olunub.
Hafta.az xəbər verir ki, yazıda Vətən müharibəsi dönəmində Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla mülki əhalinin qətlə yetirilməsi, evlərin və digər obyektlərin dağıdılması özbəkistanlı oxucuların diqqətinə çatdırılır. Həmçinin imzalanan birgə Bəyanat əsasında ermənilərin təhvil verdikləri rayonlarda evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurması, ağacları kütləvi şəkildə kəsməsi ilə bağlı törədilən ekoloji terror faktlara geniş yer verilir.
Yazıda Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin dağıdılması, həmçinin infrastruktura ciddi zərər vurulması, məktəblərin, xəstəxanaların yerlə-yeksan edilməsi, yaşayış evlərinin sökülərək materialların Ermənistana daşınması diqqətə çatdırılır.